BAKI, 4 mart. TELEQRAF
OPEC+ ölkələri yeni qrafikə əsasən 2026-cı ilin fevral–iyun aylarında neft üzrə aylıq 727 min – 850 min barel/gün həcmində artıq istehsalı kompensasiya edəcəklər.
Teleqraf xəbər verir ki, bu OPEC katibliyinin İraq, Birləşmiş Ərəb Əmirlikləri, Qazaxıstan və Omandan aldığı yenilənmiş kompensasiya planlarında əksini tapıb.
Kompensasiya həcminin əsas hissəsi — 602 min – 700 min barel/gün — Qazaxıstanın payına düşəcək.
Təşkilatın məlumatına görə, qrafikə əsasən fevralda kompensasiya həcmi 727 min barel/gün olub. Bu həcm martda 756 min barel/gün, apreldə 793 min barel/gün, mayda 818 min barel/gün, iyunda isə 850 min barel/gün təşkil edəcək.
Beləliklə, 2026-cı ilin iyulunadək hasilatı könüllü şəkildə azaldan OPEC+ ölkələri ümumilikdə 3,944 milyon barel/gün həcmində artıq neft hasilatını kompensasiya etməlidirlər.
Hesablamalarına görə, yeni kompensasiya qrafiki nəzərə alınmaqla OPEC+ “səkkizliyi”nin mart ayı üzrə neft hasilatı limiti fevral ayı ilə müqayisədə 29 min barel/gün azalaraq 32,536 milyon barel/günə enəcək.