BAKI, 4 mart. TELEQRAF

Bakıda “Mərkəzi Asiya - Azərbaycan Yaşıl Enerji Dəhlizi” üzrə birinci inkişaf mərhələsinin Texniki-İqtisadi Əsaslandırma (TİƏ) hesabatının tamamlanması və II Mərhələyə hazırlıq istiqamətində əsas texniki ehtimallar, data tələbləri və növbəti addımlar barədə razılığa gəlinib.

Energetika Nazirliyindən Teleqraf-a verilən məlumata görə, bu barədə keçirilən seminarda Azərbaycan, Qazaxıstan və Özbəkistandan yüksək səviyyəli dövlət nümayəndələri, ötürücü sistem operatorları, tənzimləyici qurumlar, Asiya İnkişaf Bankı (AİB), Asiya İnfrastruktur və İnvestisiya Bankı (AİİB) və digər maraqlı tərəflər iştirak edib.

Azərbaycanın energetika nazirinin müavini Orxan Zeynalov layihəni böyük perspektivə malik təşəbbüs kimi dəyərləndirərək, dəhlizin Xəzər və Qara dəniz regionlarını birləşdirməklə Mərkəzi Asiyadan Avropa bazarlarına təmiz bərpa olunan enerjinin ötürülməsini təmin edəcəyini bildirib. Həmçinin layihəyə rəsmi qoşulmuş ölkələrlə yanaşı, digər regional tərəflərin də təşəbbüsdə iştirak etməyə ciddi maraq göstərdiyi qeyd olunub.

Ölkəsinin əhəmiyyətli enerji potensialına malik olduğunu vurğulayan Qazaxıstanın energetika nazirinin müavini Sanjar Jarkeşov Qazaxıstanın 2030-cu ilədək ümumi enerji istehsal gücünü 26 QVt-a qədər artırmağı hədəflədiyini və bunun 30-35 faizinin isə bərpa olunan enerji mənbələrinin payına düşəcəyini bildirib. O vurğulayıb ki, Qazaxıstan zəngin enerji ehtiyatlarına malikdir və bu dəhliz vasitəsilə təmiz enerjini Avropa bazarlarına ixrac etmək niyyətindədir.

“Özbəkistan Milli Elektrik Şəbəkəsi”nin idarə heyəti sədrinin müavini Feruz Kurbonov da layihəyə böyük maraq göstərdiklərini ifadə edərək, onu yüksək perspektivli təşəbbüs kimi qiymətləndirib. Özbəkistanın ölkə daxilində mühüm enerji infrastrukturlarına böyük həcmlərdə investisiyalar yatırdığını, 2030-cu ilədək regional şəbəkəyə qoşulmaq və Avropaya ixrac etmək üçün əlavə elektrik enerjisi güclərinə malik olmağı hədəflədiyi bildirilib.

Asiya İnkişaf Bankının (AİB) Azərbaycan üzrə direktoru Sunniya Durani Camal isə layihənin regionda bağlantıların möhkəmlənməsinə dəstək verəcəyini bildirib. Seminarda “CESI S.p.A.” şirkəti tərəfindən layihənin texniki-iqtisadi əsaslandırmasının ilk təqdimatı edilib. İlkin nəticələrin müsbət olduğu vurğulanaraq, birinci mərhələ üzrə analitik çərçivə və növbəti addımlar barədə məlumat verilib.

Qeyd edək ki, “Mərkəzi Asiya-Azərbaycan Yaşıl Enerji Dəhlizi”nin texniki-iqtisadi əsaslandırması Asiya İnkişaf Bankı (AİB) və Asiya İnfrastruktur İnvestisiya Bankı (AİİB) ilə tərəfdaşlıq çərçivəsində hazırlanır və 2025-ci ilin aprel ayında imzalanmış Anlaşma Memorandumu ilə dəstəklənir.