BAKI, 10 aprel. TELEQRAF

"Dövlət İmtahan Mərkəzi hazırda Azərbaycan vətəndaşları haqqında dərin və əhatəli informasiyaya malik qurumdur. Bu informasiya böyük dəyərə sahib bir xəzinədir".

Teleqraf xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev Bakıda keçirilən “Qiymətləndirmə Sistemləri: Etimad, Şəffaflıq və İnnovasiya” adlı beynəlxalq konfransda deyib.

Onun sözlərinə görə, bu məlumatlar yalnız universitetə qəbul balları ilə məhdudlaşmır, eyni zamanda dövlət funksiyalarının səmərəli icrası və düzgün qərarların qəbul edilməsi üçün mühüm mənbə rolunu oynayır:

“Azərbaycan cəmiyyəti Dövlət İmtahan Mərkəzinə və onun kollektivinə minnətdar olmalıdır. Sovet dövründə ali təhsil müəssisələrinə qəbul sahəsində mövcud olan vəziyyətlə müqayisədə, bu gün formalaşmış ədalətli və şəffaf sistem həmin qurumun Azərbaycan xalqı qarşısında mühüm nailiyyətlərindən biridir”.