BAKI, 1 aprel. TELEQRAF
Aprelin 12-də ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçiriləcək.
Bu barədə Teleqraf-a Dövlət İmtahan Mərkəzindən məlumat verilib.
Bildirilib ki, imtahan Bakı şəhərinin Sabunçu (I hissə), Xəzər (I hissə), Yasamal, Binəqədi rayonlarında, Sumqayıt (I hissə), Abşeron (I hissə), Gəncə (II hissə), Mingəçevir, Daşkəsən, Şəmkir (II hissə), Qazax, Qəbələ, Oğuz, Lənkəran (II hissə), Cəlilabad (I hissə), Masallı (I hissə), Beyləqan, Füzuli, Füzuli (M.Uluqbəy adına 1 nömrəli 12 aprel tam orta məktəb), Zəngilan (Ağalı kənd tam orta məktəbi), Cəbrayıl (M.Mehdizadə adına tam orta məktəb), Ağdaş, Ağsu, Qobustan, Sabirabad (I hissə), Neftçala, Şirvan, Xaçmaz (I hissə), Quba (I hissə) rayonlarında, eləcə də tədrisi ingilis dilində aparılan ümumtəhsil müəssisələrinin məzunlarını əhatə edəcək.
Buraxılış imtahanında iştirak edəcək şagirdlər https://e-gov.az/az/services/read/2516/2 linkindən istifadə etməklə özlərinin imtahana buraxılış vərəqəsini, təhsil müəssisələri isə bütün şagirdlərin imtahana buraxılış vərəqələrini çap edə bilərlər.
Buraxılış vərəqəsini çap etmək üçün kompüterə Adobe Reader proqramı quraşdırılmalıdır və brauzerin “Pop-up blocked” sahəsindən qeyd işarəsi götürülməlidir. Şəxsiyyəti təsdiq edən sənədində şəkli olmayan şagirdlər buraxılış imtahanı üçün təhsil müəssisəsi tərəfindən verilməli olan arayışı DİM-in saytından yükləyə bilərlər.
İmtahan keçirilən şəhər və rayonlarda ümumilikdə 207 imtahan binası, 3664 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 601 imtahan rəhbəri və ümumi rəhbər, 4554 nəzarətçi, 670 buraxılış rejimi əməkdaşı (mühafizə) və 207 bina nümayəndəsi ayrılıb.
İmtahanda 49701 şagirdin iştirakı nəzərdə tutulur.
İmtahanda 54 nəfər sağlamlıq imkanları məhdud (gözdən əlil, serebral iflic, eşitmə əngəlli və digər) şagird də iştirak edəcək.
Qeydlər:
Şagirdlər bitirdikləri məktəbin yerləşdiyi yerə uyğun rayonda (şəhərdə) imtahan verirlər.
Keçmiş məcburi köçkün rayonlarının məktəblərində təhsil alan şagirdlər bitirdikləri təhsil müəssisəsinin yerləşdiyi şəhər və rayonların imtahan gününə uyğun tarixdə imtahan verirlər.
Bakı şəhərinin Sabunçu və Xəzər rayonlarında, həmçinin Sumqayıt, Abşeron, Gəncə, Lənkəran, Şəmkir, Cəlilabad, Masallı, Sabirabad, Xaçmaz, Quba rayonlarında yerləşən məktəblərin şagirdlərinin imtahanı 2 imtahan gününə bölünüb.