BAKI, 4 avqust. TELEQRAF
Dövlət Proqramında iştirak edən namizədlərin yekun balları ictimaiyyətə açıqlanmır. Proqramın seçim qaydalarına əsasən, namizədlər topladıqları yekun bala görə sıralanır və kvota çərçivəsində ən yüksək bal toplamış şəxslər növbəti mərhələyə keçid imkanı qazanırlar.
Teleqraf xəbər verir ki, bunu Dövlət Proqramı İdarəetmə Qrupunun rəhbəri Turan Topalova Dövlət Proqramı çərçivəsində magistratura təhsil səviyyəsi üzrə təhsil almaq hüququ qazanan təqaüdçülərlə bağlı jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, xüsusilə, bakalavriat və magistratura səviyyəsi üzrə namizədlərin ehtiyat siyahısı da mövcuddur.
"Sonradan əlavə imkanlar yarandıqda ehtiyat siyahıdakı yüksək ballı şəxslər də proqramdan yararlana bilərlər. Seçim tam şəkildə qaydalara uyğun və şəffaf aparılır. Bu il Dövlət Proqram iştirakçıları tərəfindən ən çox üz tutulan ölkələr Böyük Britaniya, ABŞ, Türkiyə, ilk dəfə olaraq isə Avstraliya İttifaqı olub", - T. Topalova əlavə edib.