BAKI, 30 iyul. TELEQRAF
"Müəllimlərin işə qəbulu üzrə vakansiya seçimində namizədlərin faktiki yaşayış yerinə uyğun yerləşdirilməsinə üstünlük veriləcək".
Teleqraf xəbər verir ki, bunu MÜTDA-nın Ümumi təhsilin təşkili şöbəsinin müdir muavini Nurlan İsmayılbəyli məktəbəqədər və ümumi təhsil ilə bağlı brifinqdə deyib.
O qeyd edib ki, namizədlərin faktiki yaşayış yerinə uyğun olaraq yerləşdirilməsinə üstünlük verilməsi müəllimlərin işə daha tez adaptasiya olmasına, kadr dövriyyəsinin azalmasına və sosial rifahın, xüsusilə də müəllimlərin həyat və iş şəraitinin yaxşılaşdırılmasına müsbət təsir göstərir:
"Eyni zamanda, bu yanaşma vakansiyalardan imtina hallarının qarşısının alınmasına xidmət edir. Təhlillər göstərir ki, son 4 il ərzində faktiki yaşayış yerinin uyğun olmaması səbəbindən 1867 nəfər namizəd uğur qazandığı vakansiyadan imtina edib. Bu meyarın tətbiqi, xüsusilə bölgələr üzrə müəllim çatışmazlığının azaldılması, vakansiyaların daha effektiv şəkildə tutulması və müəllimlərin rifah səviyyəsinin artırılması baxımından əhəmiyyətlidir".