BAKI, 30 iyul. TELEQRAF

"Bu il 3500 nəfər pedaqoji heyətin təlimlərə cəlbolunması planlaşdırılır".

Teleqraf xəbər verir ki, bunu MÜTDA-nın Məktəbəqədər təhsilin təşkili şöbəsinin müdiri İlahə Rəsulova Məktəbəqədər və ümumi təhsil ilə bağlı brifinqdə deyib.

O qeyd edib ki, indiyədək ümumilikdə 10 000 nəfər bu təlimlərdə iştirak edib. “Məktəbəqədər təhsil liderlik proqramı” uğurla həyata keçirilib:

"Pedaqoji liderlik və idarəetmə sahələrini əhatə edən 5 modul üzrə keçirilən proqramı 100 nəfər tamamlayıb. Onların təxminən yarısı hazırda müdir və metodist kimi fəaliyyət göstərir.

2024-cü ilin oktyabr ayında məktəbəqədər təhsil müəssisələrində çalışan tərbiyəçi-müəllimlər və metodistlər üçün diaqnostik qiymətləndirmə keçirilib. Bu qiymətləndirmədə 11 200 nəfər iştirak edib.

Onların 56%-i 30 və daha yüksək bal toplayıb. Bu nəticələr əsasında təlim proqramlarının məzmununda yeniliklər planlaşdırılır. Məktəbəqədər təhsil müəssisələrində fəaliyyət göstərən pedaqoji heyətin sertifikatlaşdırılması prioritet istiqamətlərdən və tədrisin keyfiyyətinin qiymətləndirilməsi baxımdan əsas meyarlardan biridir. 2026-cı ilin sonunadək məktəbəqədər təhsil müəssisələrində çalışan pedaqoji heyətin sertifikasiyadan keçirilməsi nəzərdə tutulur".