BAKI, 24 iyul. TELEQRAF
"Bizim üçün xüsusi qürurverici haldır ki, qadınlar texnologiya sahəsində təşəbbüs göstərir və iştirak edir. Qadınların startap layihələrində daha uğurlu olduğu müşahidə olunur."
Teleqraf xəbər verir ki, bu sözləri Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov bildirib.
O vurğulayıb ki, son illərdə bu sahədə qadınların fəallığı artıb.
“Təqaüd proqramları çərçivəsində 4 minə yaxın qadın İKT sahəsində təhsil və təcrübə imkanı qazanıb. Son 4 ilin məlumatları göstərir ki, Azərbaycanda qadınların sayı və rolu bu sektorda getdikcə artır. İnformasiya təhlükəsizliyi sahəsində də qadınların iştirakı üzrə göstəricilər kəskin yüksəlib. Ölkədə kibertəhlükəsizlik sahəsinə maraq artmaqda davam edir”.
Nazir müavini qeyd edib ki, rəqəmsallaşma sosial ədalətin və gender bərabərliyinin təmin olunmasında həlledici rol oynayır:
"Qlobal İnnovasiya İndeksi kimi hesabatlarda da bu aspekt nəzərə alınır. Məhz bu indeksdə yer alan indikatorlardan biri – elmi dərəcəyə və yüksək ixtisasa sahib xanımların əmək bazarına inteqrasiyası – ölkənin innovasiya qabiliyyətini ölçən mühüm göstəricilərdən biridir. Bir neçə ildir ki, bu göstərici üzrə Azərbaycanın mövqeyi 13.7 xalla 133 ölkə arasında 57-ci pillədədir."