BAKI, 22 iyul. TELEQRAF
Çin Elmlər Akademiyasının Tianjin Sənaye Biotexnologiyaları İnstitutunun alimləri karbon qazından və ya sənaye emissiyalarından əldə edilən metanol maddəni ağ şəkərə çevirən sistem təqdim ediblər.
Teleqraf xəbər verir ki, bu barədə "South China Morning Post" (SCMP) məlumat yayıb.
Texnologiya in vitro biotransformasiyaya əsaslanır: Canlı orqanizmdən kənarda xüsusi yığılmış fermentlər dəsti sadə karbon birləşmələrini tədricən mürəkkəb şəkərlərə çevirir. Fermentlər canlı sistemlərdə kimyəvi reaksiyaları sürətləndirən zülal molekullarıdır. Onlar canlı orqanizmlərdə baş verən faktiki olaraq bütün biokimyəvi reaksiyalarda katalizator kimi çıxış edirlər.
Alimlər laboratoriya şəraitində in vitro biotransformasiyadan istifadə edərək 86% -ə qədər məhsuldarlıqla saxaroza əldə edə biliblər. Sistem təkcə saxaroza deyil, həm də qida və əczaçılıq sənayesində tələbat olan fruktoza, nişasta, amiloza, amilopektin, sellobioza və digər karbohidratlar istehsal edə bilir.
Müəlliflərin fikrincə, karbon qazının birbaşa qidaya çevrilməsi kənd təsərrüfatının yükünü əhəmiyyətli dərəcədə azalda bilər.
Bildirilir ki, texnologiya hələ də daha da inkişaf etdirilməsini, xüsusən də fermentlərin dayanıqlığının artırılmasını tələb edir. Bununla belə, alimlər hesab edirlər ki, qurğu gələcəkdə şəkər və digər mühüm birləşmələrin ənənəvi istehsalına alternativ ola bilər.