BAKI, 17 iyul. TELEQRAF
Elm və təhsil naziri Emin Əmrullayev ümumi təhsil müəssisələrinin 2024-2025-ci tədris ili üzrə məzunlarının qızıl və gümüş nişanla təltifi haqqında əmr imzalayıb.
Bu barədə Teleqraf-a nazirlikdən məlumat verilib.
Bildirilib ki, 220 nəfər qızıl, 41 nəfər gümüş nişanla təltif edilib.
Əmrdə həmçinin qeyd olunub ki, qızıl və gümüş nişanla təltif olunmuş təhsilalanların adları oxuduqları məktəbin “Şərəf kitabı”na yazılsın.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib ki, tabeliyindəki ümumi təhsil müəssisələrinin XI sinif məzunlarından 42-si qızıl, 10-u gümüş nişana layiq görülüb.
Paytaxt üzrə 13, 45, 53, 60 (2 nəfər), 129, 180 (2 nəfər), 194, 204 (2 nəfər), 218, 234, 259, 263, 269, 272, 275 (2 nəfər), 283 (2 nəfər), 297, 314 nömrəli tam orta məktəblərin, 70, 83 və 264 nömrəli məktəb-liseylərin, 291 nömrəli Ekologiya liseyi, Humanitar fənlər təmayüllü məktəb-lisey (5 nəfər), 220 nömrəli məktəb-lisey (3 nəfər), 2 nömrəli texniki-humanitar lisey, Texniki-humanitar lisey və 287 nömrəli “Zəkalar” liseyinin (5 nəfər) məzunları qızıl nişanla təltif edilib.
Həmçinin 47, 274 nömrəli tam orta məktəblər, 83, 166 nömrəli məktəb-liseylər, “Ankara məktəbi” məktəb-lisey (3 nəfər), “Tərəqqi” texniki-humanitar lisey (2 nəfər), Humanitar fənlər təmayüllü məktəb-liseyin məzunları isə gümüş nişanla təltif edilib.
Qeyd edək ki, qızıl və gümüş nişana layiq görülən məzunlar Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq olunmuş “Ümumi təhsili xüsusi nailiyyətlərlə başa vuran məzunların qızıl və ya gümüş nişanla təltif olunma Qaydası”na əsasən müəyyənləşdirilir.