BAKI, 30 may. TELEQRAF
“Çox istəyirəm ki, abituriyentlər qarşıdakı imtahanlarda qaydalara əməl etsinlər. Qorxmasınlar, panikaya düşməsinlər".
Teleqraf xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin sədri Məleykə Abbaszadə deyib.
O abituriyentlərə müraciətində imtahan zamanı panikaya düşməməyi, qaydalara ciddi riayət etməyi tövsiyə edib.
“Vaxtdan düzgün istifadə etsinlər. Əvvəlcə asan sualları cavablandırsınlar. Cavablarını düzgün və səlis şəkildə yazsınlar ki, ekspertlər onların fikirlərini rahat oxuya bilsin", - sədr bildirib.
Məleykə Abbaszadə vurğulayıb ki, Dövlət İmtahan Mərkəzi və onun ekspertləri abituriyentlərin tərəfindədir və onların uğur qazanmasını arzulayır: "Tarix müəllimləri bəzi faktları başqa cür yozurlar. Bu il imtahanlarda 3 ekspertizadan sonra məlum oldu ki, tarix fənnindən 25 mayda keçirilən imtahanda heç bir səhv sual olmayıb".
Qeyd edək ki, iyunun 1-də I və IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı keçiriləcək. Həmin gün III qrup üzrə DT və TC altqruplarının hər ikisini seçənlər üçün coğrafiya fənni üzrə də imtahan keçiriləcək.