BAKI, 20 may. TELEQRAF

May ayında aparılan monitorinqlər nəticəsində Bakı şəhərindəki Məktəb-Lisey Kompleksinin və İlqar Əbilhəsənov adına 42 nömrəli tam orta ümumtəhsil məktəbinin direktorlarının fəaliyyətində aşkar olunmuş ciddi nöqsanlar əsas götürülməklə müvafiq qərarlar verilib.

Bu barədə Teleqraf-a Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən (MÜTDA) məlumat verilib.

Bildirilib ki, 200 nömrəli Məktəb-Lisey Kompleksinin direktoru Esmira Quliyeva ilə bağlanmış əmək müqaviləsinə 16 may 2025-ci il tarixdən xitam verilib.

Bununla yanaşı, İlqar Əbilhəsənov adına 42 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru Firəngiz Həmidova ilə də bağlanmış əmək müqaviləsi 19 may 2025-ci il tarixdən ləğv edilib.

Ümumi təhsil müəssisəsinin normal fəaliyyətinin təmin olunması, idarəetmənin və tədrisin keyfiyyətinin təşkili məqsədilə hər iki müəssisənin fəaliyyəti nəzarətə götürülməklə, direktor vəzifəsinin müvəqqəti icrası Bakı Şəhəri üzrə Təhsil İdarəsinin əməkdaşına həvalə olunub.

Qeyd edək ki, təhsil müəssisələrində monitorinq və yoxlamalar davamlı və ardıcıl olaraq həyata keçirilir.

Mılumat üçün bildirək ki, Esmira Quliyeva Cəbrayıl Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Mahmud Quliyevin qızıdır.