
BAKI, 17 aprel. TELEQRAF
"Bu imtahanda 300 bal toplayacağıma inanırdım. Arzum həmişə 700 bal toplamaq olub".
Bunu Teleqraf-a açıqlamasında Vətən Müharibəsi Qəhrəmanı Amin Novruzov adına Balakən rayonu Texniki və Humanitar təmayüllü liseyin tələbəsi Şahin Məmmədov deyib.
O IV ixtisas qrupu üzrə hazırlaşdığını bildirib: “Tibb Universitetinə qəbul olunmaq istəyirəm. İmtahana daha çox liseyin müəllimləri ilə hazırlaşmışam. Çox savadlı müəllimlərimiz var. Baləkəndə ilk dəfə maksimum nəticə göstərmək, həmçinin bunu qəhrəmanın adını daşıyan məktəblə əldə etmək daha qürurvericidir”.
Ş.Məmmədov biologiya üzrə fənn olimpiadalarının qalibi olduğunu deyib: “Biologiya, kimya və fizika fənlərinə çox ciddi hazırlaşıram. Daha çox üstünlüyü isə biologiyaya verirəm. Biologiya fənni ilə bağlı keçirilən olimpiadaların qalibi olmuşam. Məktəbimizdə dərslər yüksək səviyyədə keçirilir, müəllimlərimiz bizə dəstək olur, başa düşmədiyimiz məqamları diqqətlə izah edirlər. Bu uğuru qazanmağımda həm mənim, həm məktəbimin, həm də valideynlərimin rolu çox böyükdür. Bakalavr təhsilimi Azərbaycanda bitirdikdən sonra xaricə getməyi düşünürəm”.
Xatırladaq ki, bu gün tam (11 illik) orta təhsil səviyyəsi üzrə martın 9-da keçirilmiş buraxılış imtahanının nəticələri elan olunub. İmtahan iştirakçıları arasında 20 nəfər 300 bal toplamaqla ən yüksək nəticəni göstərib.