BAKI, 8 aprel. TELEQRAF

Media nümayəndələri “İmtahanlarda istifadə olunan yazılı cavab tələb edən tapşırıqların yoxlanılma prosesi”ni müşahidə ediblər.

Teleqraf xəbər verir ki, bu gün Dövlət İmtahan Mərkəzinin (DİM) elektron imtahanlar korpusuna “İmtahanlarda istifadə olunan yazılı cavab tələb edən tapşırıqların qiymətləndirilməsi texnologiyası” ilə tanış olmaq üçün mediatur təşkil olunub.

Əvvəlcə Dövlət İmtahan Mərkəzinin aparat rəhbəri Vəfadar Misirov çıxış edib və buraxılış (qəbul) imtahanları ərəfəsində mövzunun aktuallığını iştirakçıların diqqətinə çatdırıb. O, müxtəlif imtahanlarda istifadə olunan və yazılı cavab tələb edən açıq tipli tapşırıqların yoxlanılmasının həm onlayn, həm də mərkəzin elektron imtahanlar korpusunda, o cümlədən regional bölmələrində həyata keçirildiyini bildirib.

V.Misirov imtahan materiallarının emalı və nəticələrin vaxtında ictimaiyyətə təqdim olunması ilə bağlı mərkəz tərəfindən fasiləsiz iş aparıldığını qeyd edib.

Tədbirdə daha sonra sual kitabçalarının avtomatlaşdırılmış çap sistemi və materialların hazırlandığı “qapalı məkan” haqqında videoçarx nümayiş etdirilib.

Ardınca Dövlət İmtahan Mərkəzinin Bacarıqların, vərdişlərin qiymətləndirilməsi və markerlərlə iş şöbəsinin müdiri Aydın Qasımov yazı işlərinin qiymətləndirilməsi texnologiyası haqqında təqdimatla çıxış edib. O, açıq tipli tapşırıqların əhəmiyyəti, qiymətləndirmə prosesinin mərhələləri, markerlərin seçimi, nəticələrin elanı barədə məlumat verib.

Markerlərin yazı işlərinin qiymətləndirilməsi prosesində iştirak etmələrinin üstün cəhətlərini də vurğulayan A.Qasımov müəllimlərin qazandıqları təcrübəni məktəbdə sinifdaxili qiymətləndirmələrində, yoxlamaq istədikləri bacarıqlara uyğun mətn və tapşırıq tərtibetmə, şagirdlərinin göstəricilərini araşdırıb müqayisəetmə kimi fəaliyyətlərində tətbiq edə biləcəkləri və beləliklə fərdi inkişaf və bacarıqlarının təkmilləşdirilməsi üçün yaxşı bir imkan olduğunu da diqqətə çatdırıb.

Növbəti çıxışçı DİM-in beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Elmir Şirinov yoxlama prosesini ehtiva edən “Onlayn marker” sisteminin beynəlxalq səviyyədə tanıdılması ilə bağlı görülən işlər haqqında danışıb.

Daha sonra iştirakçılar xüsusi ayrılmış imtahan zallarında yoxlama aparan markerlərin işi ilə yaxından tanış olublar. Media nümayəndələrinə markerlərin yoxlamanı hansı şəraitdə və meyarlara əsasən həyata keçirdikləri, qiymətləndirməni necə apardıqlarını birbaşa müşahidə etmək imkanı yaradılıb.

Sonda isə mərkəzin beynəlxalq imtahan zalları da iştirakçılara nümayiş etdirilib.

Görüşdə iştirakçıların müxtəlif məsələlərlə bağlı sualları cavablandırılıb və müzakirələr aparılıb.