BAKI, 6 mart. TELEQRAF

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən martın 9-da dövlət qulluğu vəzifələrinin A növünə (inzibati rəhbər vəzifələr) aid AB və AC qruplarına və dövlət qulluğu vəzifələrinin B növünə (inzibati icraçı vəzifələr) aid BA və BB qruplarına uyğun vəzifələr üzrə test imtahanları keçiriləcək.

Teleqraf DİM -in məlumatına əsasən xəbər verir ki, imtahanlar iki növbə olmaqla elektron formada kompüterlər vasitəsilə Bakı və Naxçıvan şəhərlərində təşkil olunacaq.

İmtahanlar saat 11:00-da və 16:00-da başlanır. Müvafiq olaraq saat 10:45-dən və 15:45-dən sonra gələn namizədlər imtahana buraxılmırlar. Buraxılış vərəqəsində imtahan yeri, binası, imtahana gəlməli olan vaxt və digər zəruri məlumatlar göstərilib.

İmtahana qeydiyyat 2025-ci il fevralın 5-dən 25-dək aparılıb və bu müddət ərzində 1716 namizəd qeydiyyatdan keçib.

"İmtahanda iştirak etmək üçün qeydiyyatdan keçmiş namizədlər DİM-in internet saytına daxil olaraq “İmtahana buraxılış vərəqəsi”ni çap edə bilərlər.

Namizədlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər:

- şəxsiyyəti təsdiq edən sənədin əsli;

- “İmtahana buraxılış vərəqəsi".

İmtahan elektron formada kompüterlər vasitəsilə Bakı və Naxçıvan şəhərlərində 2 binada təşkil olunacaq. İmtahanın keçirilməsi üçün 2 ümumi imtahan rəhbəri, 10 imtahan rəhbəri, 59 nəzarətçi və 6 buraxılış rejimi əməkdaşı ayrılıb", -deyə məlumatda qeyd olunub.