"Saudi Aramco" şirkətinin baş direktoru Amin əl-Nassir qlobal neft ehtiyatlarının dəhşətli dərəcədə aşağı düşdüyünü və Hörmüz boğazında gəmi keçidi bərpa olunmazsa, bazar şəraitinin pisləşmə riski daşıdığını bildirib.

Teleqraf xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.

"Acı reallıq budur ki, Hörmüz boğazı tam açılana və etimad bərpa olunana qədər təchizat zəncirinin hər iki ucuna təzyiq güclənəcək. Neft çatışmazlığı ciddi narahatlıq doğurur, neft məhsullarının qiymətləri isə daha kəskin şəkildə artıb", - şirkətin baş direktoru Londonda keçirilən Enerji Kəşfiyyatı Forumunda bildirib.

Əl-Nassirin sözlərinə görə, neft istehlakı artır, ölkələr ehtiyatlarını artırmaq üçün növbəti iki il ərzində daha böyük təchizat həcmlərinə ehtiyac duyacaqlar ki, bu da gündə ən azı 2 milyon barel əlavə tələbata səbəb ola bilər.

Şirkətin baş direktoru bildirib ki, ABŞ və İran arasında hərbi münaqişənin başlanğıcında qlobal neft ehtiyatları təxminən 10 milyard barel idi, hazırda isə 6 milyarddan aşağı düşüb, bu ehtiyatların təxminən 10%-i isə texniki məhdudiyyətlər səbəbindən faktiki olaraq əlçatmazdır.