BAKI, 24 may. TELEQRAF
Oman və İran nümayəndələri Hörmüz boğazında gəmiçilik azadlığının təmin olunması prinsipləri ilə bağlı danışıqlar aparıblar.
Teleqraf xəbər verir ki, bu barədə Oman Xarici İşlər Nazirliyi bəyanat yayıb.
Məlumata görə, Oman xarici işlər naziri Bədr əl-Busaidi ilə İran xarici işlər nazirinin müavini Kazem Qaribabadinin görüşündən sonra tərəflərin geniştərkibli nümayəndə heyətləri arasında iclas keçirilib.
Görüş zamanı Hörmüz boğazından keçən gəmilər üçün beynəlxalq hüquq normalarına uyğun şəkildə gəmiçilik azadlığını tənzimləyəcək prinsiplər müzakirə olunub.
Tərəflər həmçinin gəmi hərəkətinin təhlükəsizliyi, ticarət və təchizat zəncirlərinin qorunmasının vacibliyi barədə fikir mübadiləsi aparıblar.
Bundan əvvəl Bədr əl-Busaidi İranın xarici işlər naziri Abbas Araqçinin şifahi mesajını çatdırmaq üçün Omana səfər edən Kazem Qaribabadini qəbul edib.
Mesajda Pakistanın vasitəçiliyi ilə aparılan İran-ABŞ danışıqları, eləcə də Hörmüz boğazında təhlükəsiz və dayanıqlı gəmiçiliyin bərpası məsələlərinə toxunulduğu bildirilib.