BAKI, 24 may. TELEQRAF
Filippinin Anxeles şəhərində tikilməkdə olan binanın çökməsi nəticəsində 20-dən çox insanın dağıntılar altında qaldığı bildirilir.
Teleqraf xəbər verir ki, bu barədə "GMA News" telekanalı məlumat yayıb.
Məlumata görə, axtarış-xilasetmə əməliyyatı zamanı indiyədək təxminən 20 nəfər xilas edilib. Xilasedicilər sağ qalan digər şəxslərin axtarışını davam etdirirlər.
Şəhər administrasiyasının mətbuat xidmətinin rəhbəri Cey Pelayonun daha əvvəl verdiyi məlumata əsasən, hadisə şənbədən bazara keçən gecə baş verib. Dağıntılar altında 40-a yaxın fəhlənin qaldığı ehtimal olunur.
Təxminən 10 nəfər hadisə yerini öz gücü ilə tərk edə bilib.
Hadisə nəticəsində yaxınlıqdakı hoteldə qalan Malayziya vətəndaşı da xəsarət alıb. O, sonradan aldığı yaralardan həyatını itirib.