BAKI, 24 may. TELEQRAF

Serbiya paytaxtında on minlərlə insan hökumət əleyhinə etirazlara qoşulub.

Teleqraf xəbər verir ki, Vuçiç hökumətinin kütləvi nümayişləri yatırmaq səylərinə baxmayaraq, şənbə günü tələbələr tərəfindən təşkil edilən etiraz mitinqinə on minlərlə insan qatılıb.

Etirazçılar bir neçə istiqamətdən paytaxt Belqradın mərkəzi meydanına doğru hərəkət ediblər. Onların çoxu üzərində "Tələbələr Qalib Gəlir" gənclər hərəkatının şüarı yazılmış banner və köynəklərlə aksiyaya qoşulublar.

Həmin günün əvvəlində Serbiyanın digər şəhərlərindən nümayişçulər Belqrada gəliblər.

Tələbələr 2024-cü ilin noyabr ayında Serbiyanın şimalındakı dəmir yolu stansiyasında baş verən və 16 nəfərin ölümünə səbəb olan faciəyə görə məmurların məsuliyyətə cəlb edilməsini tələb edirlər.

Etirazlar əvvəlki Baş nazir Miloş Vuçeviçin istefasına səbəb olub. Vuçiç isə etirazçılara qarşı sərt mübarizə aparıb.