BAKI, 18 may. TELEQRAF
Kubanın BMT-dəki daimi nümayəndəsi Ernesto Soberon Qusman ABŞ tərəfindən mümkün hərbi təhdidlər fonunda ölkəsinin özünümüdafiə hüququna malik olduğunu bildirib.
Teleqraf xəbər verir ki, diplomat bu barədə “Axios” portalında yayılan məlumatları şərh edərkən danışıb.
Daha əvvəl portal Kuba hakimiyyətinin 300-dən çox hərbi pilotsuz uçuş aparatı əldə etdiyini və onların Quanatanamo bazası, ABŞ hərbi gəmiləri, həmçinin ehtimal ki, Ki-Uest şəhərinə qarşı istifadəsini müzakirə etdiyini iddia etmişdi.
Soberon Qusman isə bildirib ki, ABŞ tərəfindən hərbi təcavüz təhlükəsi və ya əsassız bəhanələrin yaradılması halında Kuba beynəlxalq hüquq və BMT Nizamnaməsinə əsasən qanuni özünümüdafiə hüququna sahibdir.
“ABŞ tərəfindən hərbi təcavüz təhlükəsi, o cümlədən həqiqətə uyğun olmayan bəhanələrin uydurulması qarşısında Kuba beynəlxalq hüquq prinsiplərinə və BMT Nizamnaməsinə əsaslanan qanuni özünümüdafiə hüququna malikdir”, - deyə o vurğulayıb.