BAKI, 27 aprel. TELEQRAF

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) növbəti vasitəçilik səyləri nəticəsində Rusiya və Ukrayna arasında əsir mübadiləsi uğurla başa çatıb.

Teleqraf xəbər verir ki, bu barədə BƏƏ Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, proses çərçivəsində hər iki tərəfdən ümumilikdə 386 əsir (hər tərəfdən 193 nəfər olmaqla) azad edilərək ölkələrinə qaytarılıb. Bununla da BƏƏ-nin vasitəçiliyi ilə iki ölkə arasında dəyişdirilən əsirlərin ümumi sayı 6 691-ə çatıb.

BƏƏ XİN vasitəçilik missiyasına göstərilən etimada və əməkdaşlığa görə həm Rusiya, həm də Ukrayna tərəfinə minnətdarlığını bildirib. Qeyd edilib ki, sayca 22-ci olan bu uğurlu vasitəçilik BƏƏ-nin Rusiya və Ukrayna ilə mövcud olan mötəbər münasibətlərinin göstəricisidir.

Nazirlik BƏƏ-nin Ukraynadakı münaqişənin sülh yolu ilə həlli istiqamətindəki səylərini davam etdirəcəyini və böhranın humanitar fəsadlarının azaldılmasına töhfə vermək öhdəliyinə sadiq qaldığını bir daha təsdiqləyib.