BAKI, 6 aprel. TELEQRAF

Rusiyanın Dağıstan Respublikasında baş verən fövqəladə hadisə nəticəsində hamilə qadın və azyaşlı həyatını itirib.

Teleqraf xəbər verir ki, TASS agentliyinə danışan yerli fəlakət təbabəti mərkəzinin nümayəndəsi bildirib ki, yol hissəsindən sel sularının apardığı hamilə qadın və yeniyetməni xilas etmək mümkün olmayıb.

“Təəssüf ki, hamilə qadını və yetkinlik yaşına çatmayan yeniyetməni xilas etmək mümkün olmadı”, - deyə o qeyd edib.

Hadisə Dağıstanın Dərbənd rayonu ərazisində qeydə alınıb. Bundan əvvəl bölgədə baş verən güclü yağışlar səbəbindən yaranan daşqın riski ilə əlaqədar bütün sakinlər təhlükəsiz ərazilərə təxliyə edilib.