BAKI, 5 mart. TELEQRAF

ABŞ Prezidenti Donald Trampın bəzi müşavirləri Vaşinqtonun uzunmüddətli müharibəyə cəlb olunmasından ehtiyat edərək, ondan İran üzərində qələbəni tezliklə elan etməsini istəyirlər.

Teleqraf xəbər verir ki, bu barədə CNN mənbələrə istinadla məlumat yayıb.

Məlumata görə, Tramp açıq şəkildə uzunmüddətli hərbi əməliyyatlara hazır olduğunu bildirsə də, ətrafındakı bir sıra şəxslər ABŞ-nin uzanan münaqişəyə sürüklənməsindən narahatdır. Beş günlük döyüşlərdən sonra prezidentin çevrəsində olanların bir qismi artıq qarşıdurmadan çıxmağın vacib olduğunu düşünür.

Mənbələr bildiriblər ki, ABŞ administrasiyası bu məsələdə ictimaiyyətin kifayət qədər dəstəyini qazanmaqda çətinlik çəkir. Eyni zamanda, fond bazarlarında qeyri-sabitlik yaranıb, benzin qiymətləri artıb və həlak olan amerikalı hərbçilərin sayının çoxala biləcəyi ehtimal edilir.

Bu səbəbdən Trampın bəzi müşavirləri və yaxın müttəfiqləri hərbi əməliyyatların müddətinin qısaldılmasını və mümkün olan ilk fürsətdə qələbənin elan edilməsini təklif edirlər.

“Bu, siyasi riskdir. Ümid edək ki, həqiqətən çox pis bir şey baş verməz. Əgər belə olsa, problemlər yaranacaq”, – deyə Trampın müşavirlərindən biri telekanala bildirib.