BAKI, 3 mart. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp İspaniya ilə bütün ticarət əlaqələrini kəsmək niyyətində olduğunu açıqlayıb.
Teleqraf xəbər verir ki, Tramp İspaniyanın hərbi xərcləri ÜDM-in 5%-nə qədər artırmaqdan imtina etməsini pisləyib.
"Onların əla insanları var, amma əla liderlikləri yoxdur. Və bildiyiniz kimi, onlar NATO-da hərbi xərcləri 5%-ə qaldırmağa razı olmayan yeganə ölkə idilər. Düşünmürəm ki, onlar nəyisə artırmağa razılaşacaqlar", - deyə o, Ağ Evdə Almaniya kansleri Fridrix Merz ilə görüşdə bildirib.
Amerika lideri əlavə edib ki, ispanlar hərbi xərcləri 2%-də saxlamaq istəyirdilər, amma bu 2%-i də ödəmirlər: "Bu üzdən İspaniya ilə bütün ticarəti dayandıracağıq. İspaniya ilə heç bir əlaqənin olmasını istəmirik. Sabah, hətta bu gün İspaniya ilə bağlı bütün əlaqələri dayandıra bilərəm. Buna son qoymaq hüququm var. Embarqo tətbiq edə bilərəm. İstədiyimi edə bilərəm".
Tramp qeyd edib ki, Birləşmiş Ştatların hərbçiləri Madridin narazılığına baxmayaraq, İrana qarşı əməliyyatda İspaniyadakı bazalardan istifadə edəcəklər: "İspaniya bildirib ki, onların bazalarından istifadə edə bilmərik. Biz istəmirik. Əgər istəsəydik, onların bazasından istifadə edərdik. Heç kim bizə heç nə deməyəcəkdi, amma bu bizə lazım deyil".