BAKI, 11 fevral. TELEQRAF

Norveç Silahlı Qüvvələrinin başçısı, general Eyrik Kristoffersen gələcəkdə Rusiyanın Norveçə qarşı hərbi müdaxilə ehtimalını istisna etmədiklərini bildirib.

Teleqraf "Thr Guardian"a istinadən xəbər verir ki, onun sözlərinə görə, Moskva uzaq şimalda yerləşən nüvə potensialını qorumaq məqsədilə bu cür addım ata bilər.

“Biz Rusiyanın öz nüvə imkanlarını, yəni ABŞ üçün real təhlükə yaradan yeganə resursunu qorumaq planının bir hissəsi kimi ərazi ələ keçirmə ssenarisini istisna etmirik”, - deyə Kristoffersen qeyd edib.

O bildirib ki, Rusiya Norveçə qarşı Ukraynada və ya keçmiş sovet ərazilərində olduğu kimi işğal məqsədi güdmür. Bununla belə, Rusiyanın nüvə arsenalının böyük hissəsi Norveç sərhədinə yaxın Kola yarımadasında yerləşir. Buraya nüvə sualtı qayıqları, quru əsaslı raketlər və nüvə silahı daşıya bilən təyyarələr daxildir. Bu qüvvələr Rusiyanın NATO ilə başqa bir bölgədə mümkün münaqişəsi zamanı həlledici əhəmiyyət daşıya bilər.

Kristoffersen deyib ki, Norveç bu ssenarini tamamilə gündəmdən çıxarmır və məhz buna görə uzaq şimal üçün müdafiə planları qurulur. Onun sözlərinə görə, ən pis ssenariyə hazırlaşmaq eyni zamanda diversiya və hibrid təhdidlərə qarşı da mübarizə aparmağa imkan verir.

General müsahibədə ABŞ Prezidenti Donald Trampın Qrenlandiya ilə bağlı son açıqlamalarını və NATO müttəfiqlərinin Əfqanıstanda ön cəbhədə xidmət etmədiyi barədə dediklərini də sərt tənqid edib. Kristoffersen bildirib ki, bu fikirlər reallığı əks etdirmir.

Əfqanıstanda bir neçə dəfə xidmət etmiş 56 yaşlı karyera hərbçisi deyib ki, norveçli hərbçilər də ön cəbhədə olub, Taliban liderlərinin tutulmasından tutmuş yerli qüvvələrin hazırlanmasına və kəşfiyyat fəaliyyətinə qədər geniş spektrli tapşırıqları yerinə yetiriblər. Onun sözlərinə görə, Norveç həmin missiyada 10 hərbçisini itirib və özü də orada dostlarını itirib.

Kristoffersen qeyd edib ki, Trampın bu mövzuda dedikləri norveçli veteranlar və həlak olan hərbçilərin ailələri üçün xüsusilə ağır olub.

O xatırladıb ki, 2020-ci ildən Norveçin müdafiə rəisi vəzifəsini icra edir və bu dövr Rusiya-Ukrayna müharibəsi fonunda Avropa təhlükəsizliyinin yenidən nəzərdən keçirildiyi, İsveç və Finlandiyanın da NATO-ya qoşulduğu bir mərhələyə təsadüf edib. Norveç də bu prosesdə Rusiya ilə şimal sərhədlərində müdafiə tədbirlərini gücləndirib.

General əlavə edib ki, bütün bunlara baxmayaraq, Norveç və Rusiya arasında Barens dənizində axtarış-xilasetmə əməliyyatları ilə bağlı müəyyən əməkdaşlıq qalır və iki ölkənin hərbçiləri arasında sərhəd səviyyəsində mütəmadi görüşlər keçirilir. O, mümkün anlaşılmazlıqların qarşısını almaq üçün iki paytaxt arasında hərbi “isti xətt”in yaradılmasını da tövsiyə etdiyini bildirib.

Kristoffersen deyib ki, indiyədək Norveç hava məkanının pozulması halları əsasən anlaşılmazlıqlarla bağlı olub və Rusiyanın bölgədəki davranışı Baltik dənizi ilə müqayisədə daha az aqressiv görünür. Onun sözlərinə görə, Rusiyanın GPS siqnallarını pozması bəzən öz təyyarələrinə də təsir edir və bu da təcrübəsiz pilotların səhvlərinə yol açır.

Norveçin şimalındakı Şpitsbergen ərazisinə toxunan Kristoffersen bildirib ki, 1920-ci il müqaviləsinə əsasən bu ərazi hərbiləşdirilə bilməz və Rusiya hazırda bu sazişə əməl edir. O əlavə edib ki, Moskvanın Norveçi Şpitsbergeni gizli şəkildə hərbiləşdirməkdə ittiham etməsi daha çox təbliğat xarakteri daşıyır.

Trampın Çin və Rusiyanın Qrenlandiya ilə bağlı hərbi planları olduğu barədə iddialarına da münasibət bildirən Kristoffersen deyib ki, Norveçin kəşfiyyat orqanları Arktikada vəziyyətə dair geniş məlumata malikdir və Qrenlandiya ilə bağlı belə bir təhlükə görmür. Onun sözlərinə görə, Rusiyanın fəaliyyəti daha çox Atlantik okeanına çıxış əldə etməyə yönəlib.

Bu açıqlamalar Fransa Prezidenti Emmanuel Makronun Avropanın “Qrenlandiya anı” yaşadığını və Trampın təzyiqlərinə qarşı dayanmağın vacibliyini vurğuladığı bir vaxta təsadüf edib. Makron bildirib ki, açıq aqressiya qarşısında geri çəkilmək Avropanın asılılığını daha da artırır.

Kristoffersen isə Danimarka və müttəfiqlərinin ABŞ-nin mümkün hərbi addımlarına qarşı durub-dura bilməyəcəyi ilə bağlı suala cavab olaraq bunun hipotetik məsələ olduğunu deyib. Bununla belə, o, hər hansı ölkəni işğal etməyin asan, lakin işğalı saxlamağın çox çətin olduğunu və bunun böyük itkilərə və xərclərə başa gəldiyini vurğulayıb.