BAKI, 8 fevral. TELEQRAF
ABŞ Prezidenti Donald Trampın ətrafında Venesuela müxalifətinin lideri Mariya Korina Maçadonun fəaliyyətindən narazılıq getdikcə artır.
Teleqraf xəbər verir ki, bu barədə "Politico" məlumat yayıb.
Nəşrin yazdığına görə, Ağ Evə yaxın mənbə Maçadonu ABŞ prezidentinin Venesuela siyasətində əldə etdiyi uğurları, o cümlədən siyasi məhbusların azadlığa buraxılmasını sabotaj etməkdə, həmçinin özünü Venesuela müxalifətinin yeganə əsas fiquru kimi təqdim etməyə çalışmaqda ittiham edib.
Maçadonun ofisi bu ittihamları rədd edib.
Administrasiyaya yaxın mənbələr bildirir ki, Venesuelada seçkilərin keçirilməsi üçün daha real müddət 24 ay hesab olunur. Bu, Maçadonun səsləndirdiyi bir illik müddətdən xeyli uzundur. Ağ Evin rəsmi açıqlamasında isə vurğulanır ki, əsas prioritet təcili seçkilər deyil, Venesuelanın bərpasıdır.
Məlumatda qeyd olunur ki, vəziyyət Maçadonun hələ də Vaşinqtonda qalması ilə daha da mürəkkəbləşir. Bu fonda nüfuzlu respublikaçılar müxalifətin yeni hökumətin legitimləşdirilməsi üçün mümkün qədər tez Venesuelaya qayıtmasını zəruri sayırlar.