BAKI, 3 fevral. TELEQRAF
Böyük Britaniyanın baş naziri Kir Starmerin aparat rəhbəri Morqan Maksvini amerikalı maliyyəçi Ceffri Epşteyn ətrafında yaranmış qalmaqal fonunda istefaya göndərilə bilər.
Teleqraf xəbər verir ki, bu barədə Bğyük Britanya mətbuatı məlumat yayıb.
Məlumat görə, Morqan Maksvini Böyük Britaniyanın ABŞ-dəkı səfiri vəzifəsinə Piter Mandelsonun təyin olunmasına görə “qurbanlıq fiqur”a çevrilə bilər. ABŞ Ədliyyə Nazirliyinin Epşteyn dosyesi ilə bağlı bütün sənədləri dərc etməsindən sonra Mandelsonun maliyyəçi ilə yaxın münasibətləri barədə yeni detallar üzə çıxıb.
Bildirilir ki, Maksvini Mandelsonun Vaşinqtona səfir təyin edilməsində əsas rol oynayıb. Halbuki Böyük Britaniyanın siyasi sistemində adətən diplomatik missiyaların rəhbərləri karyera diplomatları arasından seçilir. Mandelsonun təyinatı isə XİN-in mövqeyi yetərincə nəzərə alınmadan Dauninq-strit, 10-un təşəbbüsü ilə həyata keçirilib.
KİV yazır ki, Maksvini artıq bir neçə aydır istefa riski ilə üz-üzədir. Buna səbəb baş nazir Kir Starmerin aşağı reytinqləri və hökumətin aydın daxili siyasət strategiyasının olmamasıdır. Leyborist Partiyasının deputatları mayda keçiriləcək yerli seçkilərdə uğursuzluq ehtimalından narahatdır və hökumətdə dəyişikliklərin vacibliyini vurğulayırlar.
Qeyd edək ki, Piter Mandelson 2025-ci ilin fevralında Böyük Britaniyanın ABŞ-dəkı səfiri təyin edilib, lakin Epşteynlə əlaqələrinə dair yeni məlumatların üzə çıxmasından sonra sentyabrda vəzifədən azad olunub. O, daha əvvəl parlament üzvü, nazir və Avropa Komissiyasının ticarət üzrə komissarı vəzifələrində çalışıb. Fevralın 1-də Mandelson Leyborist Partiyasından ayrıldığını açıqlayıb.