BAKI, 2 fevral. TELEQRAF

Pakistanın cənub-qərbində yerləşən Bəlucistan əyalətində təhlükəsizlik qüvvələri iki gün davam edən əməliyyatlar zamanı 145 silahlını zərərsizləşdirib.

Teleqraf xəbər verir ki, "Reuters" agentliyinin məlumatına görə, əyalət üzrə bir sıra koordinasiyalı silahlı və partlayışlı hücumlar nəticəsində ümumilikdə təxminən 50 nəfər ölüb.

Bəlucistanın baş naziri Sərfraz Bugti bildirib ki, hücumlar zamanı 31 mülki şəxs və 17 hüquq-mühafizə orqanı əməkdaşı həlak olub.

Rəsmilərin sözlərinə görə, silahlılar şənbə günü mülki geyimdə xəstəxana, məktəb, bank və bazarlara daxil olaraq atəş açıblar. Pakistanın daxili işlər nazirinin müavini Talal Çaudri hücumlar zamanı dinc əhalinin canlı qalxan kimi istifadə edildiyini bildirib.

Qadağan olunmuş separatçı Bəlucistan Azadlıq Ordusu hücumlara görə məsuliyyəti üzərinə götürərək, əyalət üzrə “Qara fırtına” adlı əlaqələndirilmiş əməliyyat keçirdiyini açıqlayıb.

Əyalət mərkəzi Kvettada hücumlardan sonra polis bölməsində yanmış avtomobillər, güllə izləri olan binalar müşahidə olunub, bir sıra küçələr bağlanıb. Təhlükəsizlik qüvvələri patrul xidmətini gücləndirib və hərəkətə məhdudiyyətlər tətbiq edib.

Pakistan ordusunun məlumatına görə, cümə günü 41, şənbə günü isə 92 silahlı öldürülüb. Sərfraz Bugti qeyd edib ki, bu göstərici qısa müddət ərzində zərərsizləşdirilən silahlıların ən yüksək sayıdır.

Pakistanın müdafiə naziri Xavaca Asif bəzi hücumlarda qadın icraçıların iştirak etdiyini, silahlıların isə getdikcə daha çox mülki şəxsləri, fəhlələri və aztəminatlı icmaları hədəf aldığını deyib.

Pakistan ordusu hücumların “Hindistan tərəfindən dəstəklənən silahlılar” tərəfindən həyata keçirildiyini iddia edib. Hindistan Xarici İşlər Nazirliyinin sözçüsü Randhir Caysval bu ittihamları qətiyyətlə rədd edərək, Pakistanı daxili problemlərindən diqqəti yayındırmaqda günahlandırıb.

ABŞ hücumları pisləyib. ABŞ-nin Pakistandakı işlər üzrə müvəkkili Natali Beyker Vaşinqtonun Pakistanla həmrəy olduğunu bildirib. ABŞ Bəlucistan Azadlıq Ordusunu xarici terror təşkilatı kimi tanıyır.

Qeyd edək ki, Pakistan son dövrlər Bəlucistanla yanaşı ölkənin şimal bölgələrində də silahlı qruplaşmaların hücumlarının artması ilə üzləşir.