BAKI, 13 yanvar. TELEQRAF
İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ölkənin cənub-şərqindəki Sistan və Bəlucistan əyalətində İsraillə əlaqəli bir neçə silahlı qrupu darmadağın etdiyini və onlardan bir neçə Amerika istehsalı olan silah ələ keçirdiyini bəyan edib.
Teleqraf xəbər verir ki, bu barədə "Press TV" SEPAH-ın saytına istinadən məlumat yayıb.
"İsraillə əlaqəsi olan terrorçular İranın şərq sərhədləri vasitəsilə ölkəyə soxulub və yeddi fərqli sığınacağa sığınıblar", - məlumatda bildirilir.
İran mediasının məlumatına görə, İsraillə əlaqələri olan yaraqlıların xaricdə geniş təlim keçdiyi, İranda təxribat və terror aktları törətməyi planlaşdırdığı bildirilir.
"İranın Sərhəd Polisi qüvvələri öz növbəsində Sistan və Bəlucistan əyalətində qaçaqmalçılıq yolu ilə gətirilən silah-sursat aşkar ediblər. Müsadirə edilən sursatlar təxribatçılara və iğtişaşçılara paylanmaq üçün nəzərdə tutulmuşdu. Sursatlar arasında 21 tapança, dörd "Kalaşnikov" avtomatı, iki ov tüfəngi var", - qeyd olunur.