BAKI, 13 yanvar. TELEQRAF

Prokurorlar Cənubi Koreyanın keçmiş müdafiə naziri Kim Yonq-hyunun ölkədə üsyana rəhbərlik etməyə cəhd göstərdiyinə görə ömürlük həbs cəzasına məhkum edilməsini istəyiblər.

Teleqraf xəbər verir ki, bu barədə "Yonhap" agentliyi məlumat yayıb.

Bildirilib ki, Kim Yonq-hyun əməliyyatın əsas fiqurlardan biri olub və dekabrın 3–4-də hərbi fəaliyyətlərin koordinasiyasında iştirak edib.

Prokurorlar hadisələrdə mühüm rol oynamış digər şəxs — Cənubi Koreyanın sabiq hərbi kəşfiyyat rəhbəri Roh Sanq-von üçün də 30 il həbs cəzası istəyiblər. Məlumata görə, onun dəftərində tapılan qeydlər istintaqa əsas verir ki, Roh Sanq-von hərbi vəziyyətin elan edilməsinə bəraət qazandırmaq məqsədilə Şimali Koreyanı təxribatlara cəlb etmək üçün plan hazırlayıb.

Qeyd edək ki, prokurorlar məhkəmədən keçmiş prezident Yun Sok-yolun isə ölüm cəzası ilə cəzalandırılmasını tələb ediblər.