BAKI, 5 yanvar. TELEQRAF
Venesuela lideri Nikolas Maduro və həyat yoldaşı Siliya Floresin gətirildiyi Nyu-York şəhərinin mərkəzindəki məhkəmənin qarşısında etiraz aksiyası keçirmək üçün onlarla insan toplaşıb.
Teleqraf xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Nümayişçilər "Maduroya azadlıq" və "Venesuelaya əl çəkin" şüarları səsləndiriblər.
Onlar Bolivar Respublikasının bayraqlarını və Vaşinqtonun Latın Amerikası işlərinə müdaxiləsini dayandırmasını tələb edən plakatlar tutublar.
***
16:34
Hərbi əməliyyat nəticəsində ABŞ-yə aparılmış Venesuela Prezidenti Nikolas Maduro və həyat yoldaşı helikopter vasitəsilə Nyu-York Federal Məhkəməsinə gətirilib.
Teleqraf xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
Qeyd edək ki, ABŞ Ədliyyə Nazirliyinin açıqladığı ittihamnamədə Nikolas Maduro genişmiqyaslı narkotik qaçaqmalçılığı əməliyyatı ilə dəstəklənən “korrupsiyalaşmış, qanunsuz hökumətin” idarə edilməsində günahlandırılır.
Bildirilir ki, nəticədə ABŞ-yə min tonlarla kokain gətirilib.
Xatırladaq ki, yanvarın 3-də ABŞ xüsusi təyinatlı qüvvələri Nikolas Maduro və onun həyat yoldaşını saxlayıb və ölkədən çıxarıb.
Venesuela xarici işlər naziri İvan Xil Pinto ABŞ-nin Karakasdakı hərbi və mülki obyektlərə zərbələrini hərbi aqressiya adlandırıb.