BAKI, 30 dekabr. TELEQRAF

Türkiyə Somalinin suverenliyi və təhlükəsizliyini bundan sonra da dəstəkləyəcək.

Teleqraf xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Somali Prezidenti Hasan Şeyx Mahmud ikitərəfli görüşdən sonra keçirilən brifinqdə bildirib.

Onun sözlərinə görə, bütün dünya Somalidən ümidini kəsdiyi bir dövrdə Türkiyə bu ölkəyə qardaşlıq əli uzadıb: "Gələn il Somali ilə diplomatik əlaqələrin 60 illiyi qeyd olunacaq. Türkiyə hərbçilərinin təlim keçdiyi Somali ordusu terrorla mübarizədə nailiyyətlər əldə edib. Verdiyimiz dəstəklə terrora qarşı Somalinin yanında olduğumuzu göstərdik".

Türkiyə Prezidenti bildirib ki, İsrailin Somalilendin müstəqilliyini tanımaq qərarı qəbuledilməzdir:

"Binyamin Netanyahu hökuməti Qəzza, Livan, Yəmən, İran, Qətər və Suriyaya hücumlardan sonra bu Afrika ölkəsində aranı qarışdırmaq istəyir. Misir və Səudiyyə Ərəbistanı başda olmaqla, bölgə ölkələri, Avropa İttifaqı (Aİ), İslam Əməkdaşlıq Təşkilatı (İƏT) və Ərəb liqası İsrailin qərarını rədd edən açıqlamalar yayıb. Somali ilə bağlı veriləcək bütün qərarlarda xalqın iradəsi nəzərə alınmalıdır".