Abşeron rayonunda 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İl bayramı münasibəti ilə şəhid ailələri və şəhid övladları ilə birgə bayram şənliyi keçirilib.
Teleqraf xəbər verir ki, rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə baş tutan tədbirdə RİH başçısı Abdin Fərzəliyev, YAP Abşeron rayon Təşkilatının sədri Abbas Əliyev, Bakı Mühəndislik Universitetinin rektoru Yaqub Piriyev, Abşeron-Xızı Regional Təhsil İdarəsinin müdiri İlhamə Abdullayeva, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, Abşeron RİH yanında İctimai Şuranın sədri, şəhid Elçin Həsənlinin anası Xatirə İsmayılova, Abşeron Rayov Ağsaqqallar Şurasının sədri, şəhid Rauf İbadovun atası Məhərrəm İbadov, şəhid ailələri, onların bizə əmanət qalan övladları və müharibə iştirakçıları iştirak edib.
Tədbirdə əvvəlcə Dövlət Himni oxunub, Ümummilli Lider Heydər Əliyevin və vətənimizin bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
RİH başçısı Abdin Fərzəliyev çıxış edərək şəhid ailələrini və şəhidlərimizdən bizə əmənət qalan övladlarını 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İl münasibəti ilə təbrik edib, onlara gələcək həyatlarında uğurlar arzulayıb. RİH başçısı qeyd edib ki, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin uzaqgörənliyi və siyasi iradəsi ilə xalqımız Vətən Müharibəsində şanlı Zəfər qazanıb. Bildirilib ki, “Dəmir yumruq” ətrafında birləşən ordumuzun şücaəti, yüzlərlə igidlərimizin qəhrəmanlığı sayəsində ilahi ədalət bərpa olundu və 30 illik vətən həsrətinə son qoyuldu. Hazırda Qarabağda yenidən həyat canlanıb, şəhər və rayonlarımız bir-birinin ardınca və sürətli şəkildə bərpa olunur, soydaşlarımız öz yurdlarına qayıdaraq azad və təhlükəsizlik şəraitində yaşamağa başlayıblar.
Sonra Abşeron RİH yanında İctimai Şuranın sədri, şəhid Elçin Həsənlinin anası Xatirə İsmayılova və Vətən Müharibəsi şəhidi Sahib Musayevin qızı Sahibə Musayeva çıxış edərək bildiriblər ki, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən ölkəmizdə şəhid övladlarının, ümumilikdə uşaqların xoşbəxt və firavan yaşaması üçün bütün lazım olan hər bir şərait yaradılıb. Qeyd edilib ki, ölkəmizin hər yerində şəhid ailələrinə və onların əmanət qalan övladlarına xüsusi diqqət və qayğı göstərilir.
Sonra bayram şəınliyi bədii hissəsi ilə davam edib. Bədii hissədə ölkəmizin tanınmış incəsənət nümayəndələri mahnılar oxuyub, müxtəlif əyləncəli proqramlar təqdim ediblər.