BAKI, 26 dekabr. TELEQRAF

ABŞ prezidenti Donald Trampın Qrenlandiya üzrə xüsusi nümayəndəsi təyin etdiyi Luiziana ştatının qubernatoru Ceff Landri Vaşinqtonun Qrenlandiya sakinləri ilə dialoq qurmaq istədiyini və adanı “fəth etmək” niyyətinin olmadığını bildirib.

Teleqraf xəbər verir ki, Landri bu barədə "Fox News" telekanalına müsahibəsində danışıb.

Onun sözlərinə görə, ABŞ administrasiyası Qrenlandiya əhalisinin gələcəkdə nə istədiyini, hansı imkanlardan məhrum olduqlarını və təhlükəsizlik baxımından hansı ehtiyaclarının olduğunu anlamağa çalışır.

“Onlar nə axtarır? Hansı imkanları əldə etməyiblər və niyə lazımi səviyyədə qorunmayıblar?” – deyə Landri bildirib.

Xüsusi nümayəndə vurğulayıb ki, ABŞ hər zaman açıq tərəf olub və Tramp administrasiyası heç kimin ölkəsini zorla ələ keçirmək niyyətində deyil.

Landrinin açıqlamaları Danimarka rəhbərliyinin kəskin reaksiyasından sonra səslənib. Danimarkanın baş naziri Mette Frederiksen və Qrenlandiyanın baş naziri Yens-Frederik Nilsen birgə bəyanatla çıxış edərək bildiriblər ki, dövlətlərin sərhədləri və suverenliyi beynəlxalq hüquqa əsaslanır və başqa bir ölkənin ilhaqı yolverilməzdir.

Prezident Donald Tramp isə "Truth Social" platformasında Landrinin Qrenlandiyanın ABŞ üçün milli təhlükəsizlik baxımından nə qədər əhəmiyyətli olduğunu yaxşı anladığını və ABŞ-nin maraqlarını irəli aparacağını yazıb.

Qeyd edək ki, Tramp daha əvvəl də Qrenlandiyanın ABŞ üçün strateji əhəmiyyətini vurğulamış, adanın təhlükəsizlik baxımından zəruri olduğunu bildirmişdi. Bu açıqlamalar Danimarka tərəfinin etirazına səbəb olub.