BAKI, 26 dekabr. TELEQRAF

Koreya Xalq Demokratik Respublikasının lideri Kim Çen In 2026-cı il üçün sursat və raket istehsalı planlarının artırılmasının vacibliyini bəyan edib.

Teleqraf xəbər verir ki, bu barədə KXDR-in Mərkəzi Telegraf Agentliyi (KCNA) məlumat yayıb.

Məlumata görə, Kim Çen In hərbi-sənaye kompleksinə aid müəssisələrə baş çəkərək 2025-ci ilin dördüncü rübündə raket və mərmi istehsalının gedişi ilə tanış olub. O bildirib ki, ölkənin aparıcı hərbi-sənaye müəssisələri beşillik planın son ili olan 2025-ci il üzrə istehsal tapşırıqlarını uğurla yerinə yetirərək KXDR-in müdafiə qabiliyyətinin gücləndirilməsinə töhfə veriblər.

“Kim Çen In 2026-cı il üçün istehsal planlarının silahlı qüvvələrin raket və artilleriya bölmələrinin perspektiv tələbatına uyğun şəkildə artırılmasının zəruriliyini vurğulayıb”, – deyə agentlik qeyd edir.

Bildirilir ki, bunun üçün əlaqəli istehsal müəssisələrinin texniki bazası möhkəmləndirilməli, ümumi istehsal gücləri genişləndirilməlidir. Kim Çen In həmçinin gələcək tələbatın ödənilməsi məqsədilə hərbi-sənaye sektorunda yeni müəssisələrin yaradılmasının vacibliyini bildirib. Bu məsələlərlə bağlı qərarların qarşıdan gələn partiya qurultayında qəbul ediləcəyi vurğulanıb.

KCNA-nın məlumatına görə, KXDR lideri müharibənin qarşısının alınması potensialının gücləndirilməsində raket və sursat istehsalının əsas yer tutduğunu qeyd edib. Hərbi-sənaye kompleksinin modernləşdirilməsi və istehsal planları Koreya Fəhlə Partiyasının IX qurultayında müzakirəyə çıxarılacaq.