BAKI, 26 dekabr. TELEQRAF

Mozambikdə İŞİD-lə əlaqəli silahlı qruplaşmanın fəaliyyətinin genişlənməsi nəticəsində iyul ayından bəri 300 mindən çox insan öz evlərini tərk etmək məcburiyyətində qalıb.

Teleqraf xəbər verir ki, bu barədə beynəlxalq humanitar təşkilatların və münaqişə monitorinq qruplarının hesabatlarında bildirilib.

"The Guardian"ın məlumatına görə, ölkənin şimal-şərqində, xüsusilə Kabu-Delqadu əyalətində 2017-ci ildən davam edən silahlı toqquşmalar yenidən kəskinləşib. İŞİD-Mozambik qruplaşması mülki əhaliyə qarşı hücumları artırıb, nəticədə bu ilin noyabr ayında təkcə 100 mindən çox insan didərgin düşüb.

BMT və Beynəlxalq Miqrasiya Təşkilatının məlumatına əsasən, hazırda Mozambikdə ümumilikdə 1 milyondan artıq məcburi köçkün var. Onların bir qismi iki və ya daha çox dəfə evlərini tərk etməyə məcbur olub.

Ruanda hərbi qüvvələrinin və Mozambik ordusunun birgə əməliyyatlarına baxmayaraq, zorakılıq halları azalmayıb. Müstəqil ACLED monitorinq mərkəzi bildirib ki, 2025-ci il ərzində ölkədə 302 hücum qeydə alınıb, nəticədə 549 nəfər, o cümlədən 290 mülki şəxs həlak olub. Bu, ötən illə müqayisədə mülki itkilərin 56 faiz artması deməkdir.

Hüquq müdafiə təşkilatları silahlı qruplaşmaların uşaqları zorla əmək fəaliyyətinə, döyüşlərə və erkən nikaha cəlb etdiyini bildirir. "Human Rights Watch"un məlumatına görə, noyabr ayında didərgin düşənlərin 70 faizi uşaqlardır.

Eyni zamanda humanitar yardımın həcmi də azalır. BMT-nin məlumatına əsasən, bu il Mozambik üçün nəzərdə tutulan humanitar ehtiyacların cəmi 55 faizi maliyyələşdirilib. Bu isə köçkünlərin ərzaq, səhiyyə və təhlükəsizlik problemlərini daha da dərinləşdirir.

Mütəxəssislər bildirirlər ki, mövcud vəziyyətin həlli üçün təkcə hərbi tədbirlər kifayət etmir və yerli icmalarla dialoq, sosial-iqtisadi inkişaf layihələri əsas rol oynamalıdır.