BAKI, 26 dekabr. TELEQRAF
Beyləqan rayonunda qonşusuna məxsus xırdabuynuzlu heyvanları oğurlamaqda təqsirləndirilən şəxs məhkəmə qarşısına çıxarılıb.
Teleqraf xəbər verir ki, ittihama görə, Elnur İbadullayev Beyləqan rayonunun Birinci Şahsevən kəndində qonşusuna məxsus həyətyanı sahəyə qanunsuz daxil olaraq ümumi dəyəri 2100 manat olan 7 baş xırdabuynuzlu heyvanı gizli yolla talayıb.
İstintaq materiallarına əsasən, təqsirləndirilən şəxs oğurladığı heyvanları Birinci Şahsevən kəndindən İkinci Şahsevən kəndinə apararaq tanışı Vüsal adlı şəxsə 1600 manata satıb.
Məhkəmədə ifadə verən E.İbadullayev bildirib ki, heyvanların onun qapısının qarşısına gəldiyini görüb, sahiblərini axtarmadan əvvəlcə həyətinə, daha sonra pəyəyə salıb. Bir neçə gün heyvanlara qulluq etdikdən sonra maddi ehtiyac səbəbindən onları satmaq qərarına gəlib. O, əməlindən peşman olduğunu, zərərçəkmiş şəxslə barışdığını və dəymiş maddi ziyanın tam ödənildiyini qeyd edib.
Zərərçəkmiş şəxs də məhkəmədə ifadəsində təqsirləndirilən şəxslə barışdığını, ona dəyən 2100 manatlıq ziyanın ödənildiyini və heç bir şikayətinin olmadığını bildirib.
Beyləqan Rayon Məhkəməsinin hökmü ilə Elnur İbadullayevə əvvəlcə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə verilmiş ittiham 177.1-ci maddəyə tövsif edilib. O, 1 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsə də, Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunaraq cəza 1 il sınaq müddəti ilə şərti hesab edilib.