BAKI, 7 dekabr. TELEQRAF
"Avropada dondurulan Rusiya aktivlərinin mümkün müsadirəsinə görə hüquqi riskləri heç kim bölüşmək istəmir".
Teleqraf xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
O bildirib ki, Belçika aktivlərin müsadirəsi halında həm dövlət, həm də fərdi hüquqi məsuliyyətin ölkənin üzərinə düşəcəyindən narahatdır:
“Heç kim Belçika ilə məsuliyyəti bölüşmək istəmir. Amma pulları çox istəyirlər”.
Avropada dondurulmuş 210 milyard avronun təxminən 185 milyardı Belçika yurisdiksiyasında fəaliyyət göstərən "Euroclear" depozitar sistemində saxlanılır. Buna görə rəsmi Brüssel bu addımın əsas riskini daşıya biləcəyindən ehtiyatlanır.
"Euroclear" rəhbəri Valeri Urben də Avropa Komissiyasının planını saxta adlandırıb və risklərin həm Belçika, həm də qlobal maliyyə sistemi üçün ağır nəticələr doğura biləcəyini bildirib. O, plan qəbul olunsa, məhkəməyə müraciət edəcəyini açıqlayıb.