"Süni intellektin təfəkkür tərzimizi köklü surətdə dəyişdiyi, eyni zamanda münaqişələr və iqlim böhranı ilə müşayiət olunan mürəkkəb dövrdə fərdlərin qərar qəbulu prosesində iştirakı mütləqdir".

Teleqraf xəbər verir ki, bu barədə COP29-un İqlim üzrə yüksək səviyyəli çempionu Nigar Arpadarai Qoşulmama Hərəkatı Gənclər Təşkilatının (QHGT) mənzil-qərargahında keçirilən görüş zamanı bildirib.

N. Arpadarai qeyd edib ki, hazırkı turbulentlik mərhələsində insanların suallar ünvanlamaq və cavablar almaq hüququ qorunmalıdır.

Onun sözlərinə görə, cari ilin əsas hədəfi COP31 heyətinə hərtərəfli dəstək vermək və qardaş Türkiyəyə bu imtahandan uğurla çıxmasını təmin etməkdir:

"Türkiyəli həmkarım Samed Ağırbaş liderlik keyfiyyətlərinə və gələcəyə dair strateji baxışına heyranlığımı gizlətmirəm. Onun Bakı səfəri çərçivəsində ilk görüşün məhz ADA Universitetində təşkil edilməsi gənc nəslin səsinin eşidilməsinə verilən önəmin bariz göstəricisidir”.

O vurğulayıb ki, Türkiyənin ev sahibliyi edəcəyi sammit yaddaşlarda ən uğurlu tədbirlərdən biri kimi qalacaq.

Nigar Arparadai Azərbaycanın bu yolda hər zaman tərəfdaşlıq nümayiş etdirəcəyini diqqətə çatdırıb.