BAKI, 14 mart. TELEQRAF
"Gənclərin enerjisi, ideyaları və qətiyyəti iqlim böhranının yaşandığı müasir dövrdə müstəsna əhəmiyyət kəsb edir".
Teleqraf xəbər verir ki, bu barədə COP31-in İqlim üzrə yüksək səviyyəli çempionu Samed Ağırbaş Qoşulmama Hərəkatı Gənclər Təşkilatının (QHGT) mənzil-qərargahında keçirilən görüşdə bildirib.
S.Ağırbaş çıxışında Azərbaycanla bağlı xoş xatirələrini bölüşərək Heydər Əliyev Fondu ilə birgə reallaşdırılan layihələrin önəmini vurğulayıb:
"Heydər Əliyev Fondu nəhəng işlər görür və biz bu qurumla sıx tərəfdaşlığımızı qoruyub saxlayırıq. Gələcək imkanları müzakirə etmək, fərqli ölkələrin səslərini eşitmək niyyətindəyik. Hesab edirik ki, real nəticələr əldə etmək üçün fərdlər, qeyri-hökumət təşkilatları və özəl sektorla çiyin-çiyinə çalışmaq lazımdır”.
Samed Ağırbaş qeyd edib ki, onun fəaliyyətində "sıfır tullantı" və sirkulyar iqtisadiyyat prioritet istiqamətlərdir.
O, qida və su israfının azaldılmasının, resurs səmərəliliyinin artırılmasının dayanıqlı keçid üçün vacibliyini diqqətə çatdırıb.
S.Ağırbaşın sözlərinə görə, gənc nəsil artıq iqlim startapları, yaşıl iş yerləri və yeni texnologiyalar vasitəsilə bu transformasiyaya böyük töhfə verir:
"Mən də bu məsələlərlə məşğul olmağa erkən yaşlarımdan başlamışam. Özümü burada bütün suallara cavabı olan rəsmi şəxs kimi deyil, sadəcə bu yolda sizdən bir addım öndə olan böyük qardaşınız kimi hiss edirəm. İqlim fəaliyyəti təkcə beynəlxalq konfranslarda deyil, universitetlərdə, startaplarda və şəhərlərinizdə formalaşır”.