BAKI, 14 mart. TELEQRAF

"2024-cü ilin noyabrında Azərbaycanın ev sahibliyi etdiyi COP29 sammiti ölkəmizin müstəqillik tarixinin ən mühüm və tarixi hadisələrindən biri olmaqla yanaşı, əldə olunan nəticələrlə qlobal prosesdə silinməz iz qoyub".

Teleqraf xəbər verir ki, bunu Azərbaycan xarici işlər nazirinin müavini, COP29-un baş danışıqçısı Yalçın Rəfiyev Qoşulmama Hərəkatı Gənclər Təşkilatının (QHGT) mənzil-qərargahında keçirilən görüş zamanı bildirib.

Y.Rəfiyev qeyd edib ki, COP prosesi BMT sistemində ən inklüziv platformadır və bura təkcə hökumətləri deyil, həm də özəl sektoru, vətəndaş cəmiyyətini və elmi dairələri bir araya gətirir:

"İqlim maliyyəsi məsələlərini müzakirə edərkən biz təkcə rəsmi nümayəndələrlə deyil, həm də qeyri-hökumət tərəfdaşları ilə sıx təmasda olmalıyıq. Bu mənada yüksək səviyyəli çempionlar qeyri-publik tərəflərin töhfələrini prosesə cəlb etməklə mühüm missiya yerinə yetirirlər”.

Azərbaycanın növbəti sammitlərdə də fəal rol oynayacağını vurğulayan diplomat, Türkiyəyə tam dəstək ifadə edib:

"Azərbaycan rəsmi olaraq bəyan edib ki, biz COP31-in uğurla keçirilməsi üçün türkiyəli qardaşlarımızla çiyin-çiyinə dayanacağıq”.