BAKI, 14 mart. TELEQRAF

"Türkiyə və Ukrayna regional təhlükəsizliyi təmin etmək üçün bəzi Avropa aktyorlarını birləşdirməyə kömək edə bilər".

Teleqraf xəbər verir ki, bu fikri "Ukrinform" müsahibəsində Kadir Has Universitetinin (Türkiyə) prorektoru, Beynəlxalq münasibətlər kafedrasının professoru, elmlər doktoru Mitat Çelikpala bildirib.

“Son hadisələr Türkiyə və Ukraynanı Avropaya daha da yaxınlaşdırır. Hazırkı şəraitdə ABŞ-nin öz prioritetləri olduğundan, Amerika administrasiyasına tam etibar etmək çətindir. İsrailin də öz siyasi maraqları və strateji vizyonu var ki, bir çox ölkə bunu mütləq paylaşmır. Regiondakı bir çox aktyoru narahat edən şey Qərb ölkələrinin təhlükəsizlik vizyonları ilə bağlı birliyidir”, - deyə Çelikpala bildirib.

Ekspert vurğulayıb ki, Rusiyanın Ukraynaya tammiqyaslı hücumunun ilk ilində Qərb ölkələri müəyyən səviyyədə birliyə malik idilər və ortaq təhlükəsizlik strategiyası müəyyən etdilər, lakin indi bu birlik zəifləyib:

"Sual budur ki, Türkiyə və Ukrayna bəzi Avropa aktyorlarını bir araya gətirməyə və onları regional təhlükəsizliyə daha ciddi yanaşmağa təşviq etməyə kömək edə bilərlərmi? Bu gün mümkün təhlükəsizlik yanaşmalarından biri kimi ABŞ və NATO ilə əməkdaşlığı qoruyaraq Polşa, Bolqarıstan, Rumıniya və Baltikyanı ölkələrlə birlikdə regional təhlükəsizlik sistemini inkişaf etdirməkdir".