BAKI, 6 dekabr. TELEQRAF
ABŞ Maliyyə Nazirliyi Nyu-Yorkda fəaliyyət göstərən Gracetown Inc. şirkətini sanksiyalara əməl etmədiyinə görə 7,1 milyon dollar cərimələyib.
Teleqraf xəbər verir ki, OFAC-ın məlumatına görə, şirkət 2018–2020-ci illərdə Rusiyalı oliqarx Oleg Deripaskaya məxsus daşınmaz əmlak üçün 24 ödəniş həyata keçirib.
ABŞ Deripaskanı 2018-ci ildə sanksiya siyahısına salıb. Sanksiyalar onun ABŞ-dakı bütün aktivlərini dondurur və amerikalı şirkətlərin onunla hər hansı əməkdaşlığını qadağan edir. OFAC bildirir ki, Gracetown qadağalar barədə rəsmi xəbərdarlıq aldığı halda onun əmlaklarını idarə etməkdə davam edib.
İstintaq sənədlərinə görə, şirkət daha əvvəl Deripaskaya ABŞ sanksiyalarından yayınmaqda kömək etdiyi üçün həbs olunan britaniyalı biznesmen Qraham Bonham-Karterlə də əlaqələndirilir.
Maliyyə Nazirliyinin rəsmiləri deyiblər ki, bu qərar sanksiyalara məhəl qoymayan şirkətlərin ciddi maliyyə nəticələri ilə üzləşəcəyini göstərir.