BAKI, 6 dekabr. TELEQRAF

Bakı Ağır Cinayətlər Məhkəməsində 1973-cü il təvəllüdlü Mehman Cəbrayıl oğlu Kərimovun cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.

Teleqraf xəbər verir ki, o, Cinayət Məcəlləsinin 180.1-ci (soyğunçuluq) maddəsi ilə ittiham olunub.

İttihama görə, Yasamal rayonu ərazisində yerləşən binanın həyətində yaşlı qadının nəvəsinin pəncərədən saldığı “Oppo A58” markalı mobil telefon və onun üzlüyündə olan 420 manat pul yerə düşüb. Mehman Kərimov bu vaxt yoldan keçirmiş.

Zərərçəkmiş eyvandan səslənərək telefonun və pulların ona məxsus olduğunu bildirməsinə baxmayaraq, Kərimov əşyaları yerdən götürərək hadisə yerindən qaçıb. Zərərçəkmişə ümumilikdə 770 manatlıq maddi ziyan dəyib.

Məhkəmədə ifadə verən Kərimov özünü təqsirli bilməyib. O iddia edib ki, yerdə səpələnmiş pulları tapıb, telefon isə sınıq olduğundan götürməyib. Heç kəsin onu səsləmədiyini, niyyətinin oğurluq olmadığını bildirib.

Zərərçəkmiş isə məhkəmədə pulun və telefonun eyvandan düşdüyü anda Kərimovun onları topladığını gördüyünü, ona səsləndiyini, lakin təqsirləndirilənin əşyaları götürərək qaçdığını deyib. Onun sözlərinə görə, telefonu evlərinin pəncərəsindən nəvəsi atıb.

Hadisə üzrə təqdim edilən video görüntülərdə təqsirləndirilənin yerdən əşya toplaması və eyvana baxması təsbit olunub, daha sonra isə hadisə yerindən uzaqlaşdığı görünür.

Zərərçəkmiş sonradan dəymiş ziyanın Kərimov tərəfindən tam ödənildiyini və şikayətinin olmadığını bildirən ərizə təqdim edib.

Məhkəmənin hökmü ilə Mehman Kərimov 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Onun barəsində seçilmiş başqa yerə getməmək qətimkan tədbiri ləğv edilərək məhkəmə zalında həbs olunub.