BAKI, 6 dekabr. TELEQRAF

Sudanın Əl-Fəşər şəhərində Rapid Support Forces (RSF) tərəfindən həyata keçirilən kütləvi qətliamın miqyası peyk görüntüləri ilə təsdiqlənib. Şəhər hazırda böyük bir cinayət məkanına bənzəyir.

Teleqraf xəbər verir ki, Britaniya parlamentinə verilən qapalı brifinqdə Əl-Fəşərdə ən azı 60 min nəfərin qətlə yetirildiyi, təxminən 150 min sakinin isə itkin düşdüyü bildirilib.

"The Guardian" yazır ki, RSF şəhəri ələ keçirdikdən sonra küçələrdəki minlərlə meyitin toplu halda yığıldığı və kütləvi məzarlıqlar üçün qazılmış onlarca yeni çalanın yarandığı müşahidə olunub.

Yale Humanitar Tədqiqatlar Laboratoriyasının son peyk analizi göstərir ki, şəhərin bazarları tamamilə boşalıb və ot basır, bütün heyvanlar və sakinlər yoxa çıxıb, geniş ərazilərdə meyitlərin yandırılması üçün böyük çalalar qazılıb.

Laboratoriyanın direktoru Neitaniel Reymond bildirib ki, şəhər artıq canlanma əlaməti olmayan, sanki bir kəsimxanaya çevrilib.

RSF Əl-Fəşərin BMT-yə açılacağına söz versə də, şəhər hələ də BMT müharibə cinayətləri üzrə müstəntiqləri, beynəlxalq humanitar təşkilatlar üçün bağlanmış vəziyyətdədir.

BMT bildirir ki, təhlükəsizlik zəmanəti verilmədiyi üçün yardım karvanları şəhərə daxil ola bilmir.

Əl-Fəşərdən qaça bilən azsaylı insanlar arasında “şok səviyyəsində aclıq” qeydə alınıb. Ekspertlər şəhərin faktiki olaraq aclıq şəraitində olduğunu bildirir.

RSF-nin 500 günlük mühasirəsi şəhəri tamamilə humanitar fəlakətə sürükləyib.

"Amnesty International"ın yeni hesabatında RSF-nin bir neçə ay əvvəl Əl-Fəşərdən cənubdakı Zamzam düşərgəsinə hücumu da müharibə cinayəti kimi qiymətləndirilib. Hesabatda mülki şəxslərin qətlə yetirilməsi, girov götürülməsi, məktəb və məscidlərin dağıdılması faktları qeyd olunub.

Sudanda 32 aylıq vətəndaş müharibəsi ərzində 400 minədək insan öldürülüb, 13 milyondan çox sakini ölkə daxilində və xaricdə didərgin düşüb.

Bu, dünyanın ən böyük humanitar böhranlarından biri kimi qiymətləndirilir.