BAKI, 5 dekabr. TELEQRAF
Dubayda 377 metr hündürlüyə malik "Ciel Tower" hoteli istifadəyə verilib. Yeni tikili təsadüfən rekorda imza ataraq dünyanın ən hündür hoteli adına sahib olub.
Teleqraf xəbər verir ki, bu barədə "CNN" məlumat yayıb.
Bildirilir ki, "The First Group" şirkəti binanın əvvəlcədən rekord üçün nəzərdə tutulmadığını, lakin planların dəyişdirilməsi nəticəsində hündürlüyün artdığını açıqlayıb.
Məlumata görə, "Ciel Tower" Dubay Marina ərazisində 3 600 kvadratmetrlik nisbətən kiçik sahədə inşa olunub. Bu səbəbdən memarlar dar ərazini nəzərə alaraq bir sıra innovativ həllər tətbiq ediblər. Binanın mərkəzində yerləşən və “iynənin gözü” adlandırılan böyük boşluq külək yükünü azaltmaq üçün layihəyə daxil edilib.
82 mərtəbəli hoteldə 1 004 otaq mövcuddur. Üst mərtəbələrdə yerləşən restoranlar, 360 dərəcə mənzərələr və 76-cı mərtəbədəki səma hovuzu "Ciel Tower"in əsas cəlbedici məkanları kimi göstərilir.
Qeyd olunur ki, layihə hündürlüyünə görə əvvəlki rekordçu Dubayda yerləşən 356 metrlik "Gevora Hotel"i geridə qoyub.