BAKI, 5 dekabr. TELEQRAF

Ukrayna prezidenti Volodimir Zelenskini daşıyan təyyarənin İrlandiyaya enişi zamanı ona doğru hərəkət edən dörd dron qeydə alınıb. İrlandiya hüquq-mühafizə orqanları həmin insidentlə bağlı araşdırma başladıb.

Teleqraf xəbər verir ki, bu barədə “The Journal” nəşri məlumat yayıb.

İrlandiya polisi - An Garda Síochána - məsələ ilə bağlı sorğuya cavabında üçüncü tərəflər tərəfindən dərc edilən məlumatlara münasibət bildirmədiyini açıqlayıb.

İrlandiya Müdafiə Qüvvələri isə "Newsweek"ə açıqlamasında əməliyyat təhlükəsizliyi səbəbindən hadisənin detalları barədə məlumat vermədiklərini deyib.

Açıqlamada həmçinin qeyd olunub: “Müdafiə Qüvvələrinin An Garda Síochána tərəfindən idarə olunan təhlükəsizlik əməliyyatına dəstəyi çoxşaxəli formada həyata keçirilib və nəticədə Prezident Zelenskinin İrlandiyaya səfəri tam təhlükəsiz şəkildə başa çatıb.”

Qeyd edək ki, Volodimir Zelenski bazar ertəsi İrlandiyaya ilk dövlət səfərini həyata keçirib. O, Dublində baş nazir Mícheál Martin və digər yüksək vəzifəli şəxslərlə görüşlər keçirmişdi.