BAKI, 5 dekabr. TELEQRAF

ABŞ Prezidenti Donald Trampın administrasiyası ABŞ-nin bütün səfirlik və konsulluqlarına 2026-cı il üzrə FIFA Dünya Kuboku 2026 və 2028-ci il Olimpiya Oyunları 2028 ilə bağlı ölkəyə səfər edəcək xarici azarkeşlər və investorların viza müraciətlərinə üstünlük verilməsi barədə göstəriş verib.

Teleqraf xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin daxili sənədlərinə istinadən "Associated Press" məlumat yayıb.

Eyni zamanda, administrasiya yüksək ixtisaslı xarici mütəxəssislər üçün nəzərdə tutulan H-1B vizaları üzrə yoxlama qaydalarını da sərtləşdirib.

Yeni göstərişə görə, ABŞ-də əhəmiyyətli investisiyalar həyata keçirmək istəyən iş adamları və Amerikanın nüfuzunu nümayiş etdirən böyük idman tədbirləri üçün səfər edən şəxslər konsulluqlarda növbələrin ön sırasına çıxarılacaq. Bu qərar dünya üzrə konsulluqların 2026-cı il Dünya Kubokuna görə artacaq müraciət axınına hazırlaşdığı bir vaxta təsadüf edir.

Viza sürətləndirilməsi ötən ay elan edilmiş “FIFA Pass” təşəbbüsünün tərkib hissəsi kimi qiymətləndirilir. Bu proqram "World Cup" bilet sahiblərinə viza müsahibəsinə daha tez vaxt almaqda kömək etməyi hədəfləyir.

Yeni siyahıya əsasən, yalnız ABŞ-də “yenidən sənayeləşmə” ilə bağlı müraciətlər idman azarkeşlərindən daha yüksək prioritet daşıyır. Yüksək prioritetli digər qruplara diplomatlar, rəsmi səfərdə olan dövlət rəsmiləri, kənd təsərrüfatı işçiləri, dini xidmətçilər, həkimlər, tibb bacıları və beynəlxalq tələbə sayı az olan proqramlarda oxuyan tələbələr daxildir. Aşağı prioritetli qruplar üçün görüş yerlərinin azaldılması da mümkündür.

Tramp daha əvvəl də H-1B vizalarına yüksək rüsumların tətbiq ediləcəyini bəyan edib və yeni qaydaları Amerika işçilərinin qorunması və “xarici təsirin” azaldılması məqsədi ilə əsaslandırıb.

Ekspertlərin fikrincə, idman azarkeşləri və investorlar üçün sürətləndirilmiş vizalarla yanaşı, ixtisaslı işçilər üçün sərt nəzarətin tətbiqi ABŞ-yə səfər siyasətinin 2026-cı il Dünya Kuboku ərəfəsində köklü şəkildə dəyişdiyini göstərir.