BAKI, 5 dekabr. TELEQRAF

2025-ci ilin yanvar-noyabr aylarında Rusiyanın Avropa İttifaqına mayeləşdirilmiş təbii qaz (LNG) tədarükü 2024-cü ilin eyni dövrü ilə müqayisədə 6,8% azalaraq 18 milyard kubmetrə düşüb. Bir il əvvəl bu rəqəm 19,3 milyard kubmetr idi.
Teleqraf Rusiya mətbuatına istinadən xəbər verir ki, noyabrda Rusiyadan Avropaya 1,66 milyard kubmetr LNG (oktyabr ayı ilə müqayisədə 22% çox və 2024-cü ilin noyabr ayı ilə müqayisədə 5,7% az) tədarük edilib.

ABŞ-nin (Trinidad və Tobaqo) Aİ-yə maye qaz tədarükü noyabrda oktyabr ayı ilə müqayisədə 6% azalaraq 7,6 milyard kubmetrə, yanvar-noyabr aylarında isə 61% artaraq 81,1 milyard kubmetrə çatıb

Yanvar-noyabr aylarında Afrikadan Avropaya 19 milyard kubmetrdən çox, Yaxın Şərqdən isə 10,2 milyard kubmetrdən çox LNG çatdırılıb.

"Bruegel"ə görə, noyabrda Avropanın ümumi LNG idxalı 12,7 milyard kubmetr təşkil edib ki, bu da oktyabr ayı ilə müqayisədə 2% az və bir il əvvəlkindən 30% çoxdur. İlin əvvəlindən Aİ ölkələri tərəfindən LNG alışı 29% artaraq 133,6 milyard kubmetrə çatıb