BAKI, 17 oktyabr. TELEQRAF
Rusiya Prezidenti Vladimir Putinlə ABŞ Prezidenti Donald Trampın Budapeştdə planlaşdırılan görüşü Avropa İttifaqı (Aİ) üçün ciddi siyasi zərbə olacaq.
Teleqraf xəbər verir ki, bu barədə Böyük Britaniyanın "The Telegraph" qəzeti yazıb.
Nəşrin yazdığına görə, Rusiya və ABŞ liderlərinin danışıqları həm də Macarıstanın baş naziri Viktor Orbanın beynəlxalq nüfuzunu gücləndirəcək.
“Sammitin məkanı kimi Macarıstanın seçilməsi, yəqin ki, Aİ rəhbərliyinin üzündəki təbəssümü sildi. Blok Ukrayna üzrə sülh danışıqlarında kənarda qaldı və Qəzzada İsrail ilə HƏMAS arasındakı münaqişənin tənzimlənməsi planında ikinci dərəcəli rol oynamasından narahatdır”, - deyə "The Telegraph" qeyd edir.
Məqalədə bildirilir ki, bir çox Avropa diplomatları Viktor Orbanın siyasətinə görə Budapeştdə hakimiyyət dəyişikliyinə ümid edirdilər, lakin Putin və Trampın görüşü onun beynəlxalq arenadakı mövqelərini daha da gücləndirəcək.